top of page
joanna-kosinska-ouCiZihVMS8-unsplash.jpg

Ey mənim Allahım, Məhbubum, məni hərəkətə Gətirən, Qütb Ulduzum, qəlbimdə car Çəkən, Ey mənim Sirdaşım! Həmd olsun Sənə ki, üzümü Sənə tutmağıma, Sənin zikrinlə alovlanmağıma, Sənin adını ucaltmağıma və tərifini söyləməyimə kömək etdin.

Ya Rəbb! Ya Rəbb! Əgər qəflət olmasaydı, Sənin mərhəmət sancağın sancılardımı və səxavət bayrağın ucalardımı? Əgər xəta olmasaydı, Sənin eyibləri Örtən, günahları Bağışlayan, hər şeyi Bilən və hikmət Sahibi olmağın necə bilinərdi? Mənim canım Səndən qafil olanların qəflətinə fəda olsun, çünki onun ardınca Sənin “Rəhman” və “Rəhim” adının mərhəmət nəsimləri əsər. Mənim həyatım Sənə qarşı günah işlədənlərin günahına fəda olsun, çünki onun sayəsində Sənin fəzlinin ətri duyular və Sənin lütflərinin müşkü ətrafa səpilər. Mənim zatım Sənə asi olanların asiliyinə fəda olsun, çünki onun vasitəsilə Sənin əta üfüqündən inayət Günəşin parlayar və Sənin səxavət yağışların bütün məxluqatın üstünə tökülər.
Ya Rəbb, mən bütün günahlarımı boynuma aldım və heç bir insanın etiraf etmədiyi şeyləri etiraf etdim. Mən Sənin əfv dənizinin sahilinə tələsdim və Sənin kəramət çadırının kölgəsində məskən saldım. Ey Əzəl Sultanı və aləmi Qoruyan Kəs, Səndən rica edirəm, mənə elə bir keyfiyyət bəxş et ki, onun aşkara çıxması ilə ruhlar Sənə məhəbbətin səmasında və könüllər Sənin Ruhunla ünsiyyətin fəzasında uçsunlar. Mənə Öz qüdrətindən elə bir güc ver ki, onunla bütün məxluqatı Sənin Zühurunun Şəfəqinə və Sənin Vəhyinin Məşriqinə doğru döndərim.
Ya Rəbb! Mənim bütünlüklə Sənin İradənə təslim olmağıma və xidmətində durmağıma kömək eylə, çünki mən bu həyatı yalnız ondan ötrü sevirəm ki, Sənin Vəhy Çadırının və Cəlal Taxtının ətrafına dolanım. İlahi, görürsən ki, mən Səndən ötrü hər şeydən əlimi üzmüşəm və Sənin qarşında boyun əymişəm. Mənimlə istədiyin kimi, Sənin cəlalına yaraşan və Həzrətinə layiq olan tərzdə rəftar eylə!

-Bəhaullah

Bağışlanma Duaları

Bağışlanma Duaları

2.  Bütün günahlarımı boynuma aldım və heç birin etiraf etmədiyi şeyləri etiraf etdim

bottom of page