Gündəlik namazların sayı üçdür...Mömin bu üç namazdan birini seçməkdə tamamilə azaddır, lakin onlardan hər hansı birini qılmağa borcludur və bu namazları onları müşayiət edən səciyyəvi hərəkətlərə uyğun qılmalıdır.

Namazla əlaqədar işlədilən “səhər”, “günorta” və “axşam” ifadələrinin mənası müvafiq olaraq, günçıxandan saat on ikiyədək, saat on ikidən gün batanədək və gün batandan iki saat keçənədək olan vaxtı bildirir.
Böyük Namaz:  İyirmi dörd saatda bir dəfə qılmalı
 
Bu namazı qılmaq istəyən şəxs ayaq üstə dursun və üzünü Allaha tərəf tutaraq durduğu yerdə Mərhəmətli və Şəfqətli Allahın rəhmətini gözləyirmiş kimi, sağına və soluna baxsın. Sonra söyləsin:
Ey bütün adların Allahı və göylərin Yaradanı! Səni and verirəm Sənin Gözəgörünməz, Ən Uca, Ən Nurlu Zatının Məşriqləri olan Kəslərə - mənim bu namazımı atəşə çevir ki, Sənin Camalını görməkdən məni məhrum edən pərdələri yandırsın və nura çevir ki, Sənin vüsal dənizinə gedən yolu mənə göstərsin.
Sonra əllərini yalvarışla Uca və Mübarək Allaha tərəf qaldırsın və söyləsin:
Sən Ey Aləmlərin Məqsudu və ümmətlərin Məhbubu! Görürsən, üzümü Sənə tərəf çevirmişəm, Səndən başqa hamı ilə əlaqəmi kəsmişəm və Sənin bütün xilqəti hərəkətə gətirən ipindən yapışmışam. Mən Sənin bəndənəm, Ey mənim Rəbbim və bəndənin oğluyam. Mənə nəzər sal, Sənin iradəni və Sənin istəyini yerinə yetirmək üçün hazır durmuşam və Sənin razılığından başqa heç nə arzulamıram. Sənin Rəhmət Dənizinə və Fəzl Günəşinə and olsun! Sən hər nə zahir etmisən, o mənim qəlbimin məqsədi və ürəyimin diləyidir. Ey Allah, mənim Allahım! Mənim arzu və əməllərimə baxma, xeyr, Özünün göyləri və yeri bürüyən iradənə bax. Sənin Ən Böyük Adına and olsun, Ey ümmətlərin Maliki! Mən yalnız onu istəyirəm ki, Sən istəmisən və yalnız onu sevirəm ki, Sən sevirsən.
Sonra o dizi üstə çöküb alnını yerə qoyaraq (səсdə) söyləsin:
Sən, Özündən başqa hər kəsin vəsfindən və Səndən özgə hər şeyin dərkindən Ucasan.
Sonra ayaq üstə durub söyləsin:
Mənım namazımı, Ey mənim Rəbbim, dirilik kövsəri eylə ki, mən onunla Sənin səltənətin durduqca yaşayım və Sənin bütün aləmlərində Səni zikr eyləyim.
 
O əllərini yenə yalvarışla qaldırsın (qnut) və söyləsin:
Sən Ey hicranından qəlblər və könüllər əriyən və məhəbbətinin atəşindən bütün dünyanın alovlandığı Kəs! And verirəm Sənin o Adına ki, Onunla bütün xilqəti tabe etmisən, məni Öz yanında olanlardan məhrum etmə, Ey bütün insanların Hakimi! Görürsən, Ey mənim Rəbbim, bu qərib Sənin əzəmət Çadırının altında və Sənin rəhmət sarayının yanında olan uca yurduna gəlməyə tələsir, bu günahkar Sənin əfv dənizini, bu zəlil Sənin izzət sarayını və bu fəqir Sənin zənginlik üfüqünü axtarır. Nə cür Sən istəsən, əmr etmək ixtiyarı Sənindir. Şəhadət verirəm ki, Sən əməlində Bəyənilən, hökmündə itaət Olunan və əmrində ixtiyar Sahibisən.
Sonra o, əllərini qaldırsın və Allahın Ən Uca Adını (Allahu-Əbha) üç dəfə təkrar etsin. Sonra əllərini dizinə qoymaqla (ruku) mübarək və uca Allahın qarşısında əyilərək söyləsin:
Görürsən, Ey mənim Allahım, mənim ruhum əzalarım və vücudum daxilində Sənə ibadət etmək, Səni zikr və tərif etmək arzusundan necə də təşvişə gəlib və Sənin Hökm Dilinin Sənin bəyan mələkutunda və elm cəbərutunda şəhadət verdiyinə necə şəhadət verir, Ya Rəbb! Mən bu halda öz fəqirliyimi isbat edib, Sənin kəramətini və zənginliyini ucalda bilmək, öz acizliyimi göstərib, Sənin qüdrət və qüvvətini aşkara çıxara bilmək üçün Sənin yanında olan bütün şeyləri diləyirəm.
Sonra o ayaq üstə dayanaraq əllərini iki dəfə yalvarışla qaldırsın (qnut) və söyləsin:
Səndən başqa Allah yoxdur, Ən Qüdrətli və Ən Kəramətli. Səndən başqa Allah yoxdur, əzəli və əbədi Hökm Edən. Ey Allah, mənim Allahım! Sənin əfvin mənə cəsarət vermiş, mərhəmətin məni qüvvətləndirmiş, nidan məni oyatmış, fəzlin məni qaldırmış və Sənə yönəltmişdir. Əks halda mən kiməm ki, Sənə yaxınlıq şəhərinin qapısında dayanmağa cürət edim, yaxud Sənin iradə Səmandan parlayan nura üz tutum? Sən görürsən, Ey mənim Rəbbim, bu miskin Sənin fəzl qapını döyür və bu fani Sənin səxavət əllərindən əbədi həyat suyu istəyir. Hökm etmək ixtiyarı hər zaman Sənindir, Sən Ey adların Mövlası; mənimki isə razı qalmaq və Sənin iradənə təslim olmaqdır, Ey göyləri Yaradan!
 
Sonra o əllərini üç dəfə qaldırsın və söyləsin:
 
Allah bütün ululardan Uludur!
Sonra səcdə etsin və söyləsin:
Sən, Sənə yaxın olanların tərifinin Sənin yaxınlıq göyünə ucalmasından və Sənə sadiq olanların könül quşlarının Sənin dərgahının qapısına yetişməsindən çox yüksəksən. Şəhadət verirəm ki, Sən bütün sifətlərdən pak və bütün adlardan müqəddəssən. Səndən başqa Allah yoxdur. Sən Ən Uca və Ən Nurlusan.
Sonra əyləşsin və söyləsin:
Bütün yaranmışların, Mələyi-Əlanın, ən uca Cənnətin sakinlərinin, onlardan da yüksək Əzəmət Dilinin Özünün ən uca Üfüqdən şəhadət verdiyinə mən də şəhadət verirəm ki, Sən Allahsan, Səndən başqa Allah yoxdur, O Kəs ki, zühur etmişdi, O gizli bir Sirr, pünhan bir Rəmz idi; Onun vasitəsilə “O” və “L” hərfləri birləşmişdir. Şəhadət verirəm, bu O Kəsdir ki, Onun Adı Uca Qələmlə nazil olmuşdur və O, göydə və yerdə olan Taxtın Sahibi olan Allahın Kitablarında xatırlanmışdır.
Sonra o ayağa qalxsın və söyləsin:
Ey bütün varlıqların Rəbbi, görünən və görünməyən bütün şeylərin Maliki! Sən mənim göz yaşlarımı və ah-naləmi görürsən; mənim sızıltımı, fəryadımı və qəlbimin iniltisini eşidirsən. And olsun Sənin İzzətinə! Xətalarım Sənə yaxınlaşmaqdan məni geri qoyub; günahlarım isə Sənin Müqəddəs Dərgahından məni uzaq saxlayıb. Sənin məhəbbətin, İlahi, məni dərdə salıb , hicranın isə həlak edib və Səndən uzaqlıq məni yandırıb-yaxıb. And verirəm Sənin bu çöllərdə atdığın qədəmlərinə və Seçilmişlərinin bu sonsuz fəzada söylədikləri “Ləbbeyk,” “Ləbbeyk” kəlmələrinə və Vəhyinin nəsimlərinə və Zühur Səhərinin xəfif küləklərinə - Sənin Camalını görməyi və Sənin Kitabında olanlara əməl etməyi mənə qismət eylə.
Sonra Ən Uca Adı (Allahu-Əbha) üç dəfə təkrar etsin və əyilərək əllərini dizinə qoyub (ruku) söyləsin:
Sənə şükrlər olsun ki, Ey mənim Allahım, Səni zikr etməkdə və Səni tərif etməkdə mənə kömək etdin, Sənin nişanələrinin məşriqi Olan Kəsi mənə tanıtdırdın, məni Sənin Rəbliyin qarşısında təzim etməyə, Allahlığın qarşısında baş əməyə və Sənin əzəmət Dilinin buyurduqlarını etiraf etməyə qabil etdin.
Sonra ayaq üstə dursun və söyləsin:
 
Ey Allah, mənim Allahım! Günahlarımın ağırlığından belim bükülüb və qəflətim məni həlak edib. Nə zaman ki, öz pis əməllərimi və Sənin lütfkarlığını düşünərəm, onda ürəyim içimdə əriyir və damarımda qanım qaynayır. And olsun Sənin Camalına, Ey Aləmin Məqsudu! Utanıram üzümü Sənə tərəf qaldırım və ümid əllərim Sənin səxavət göyünə qalxmağa xəcalət çəkir. Görürsən, Ey mənim Allahım, göz yaşlarım Səni zikr etməyimə və Sənin sifətlərini tərif etməyimə necə mane olur, Sən Ey göydə və yerdə olan Taxtın Rəbbi! Səni and verirəm Mələkutunun nişanələri və Cəbərutunun sirlərinə, dostlarınla Sənin kərəminə yaraşan və Sənin fəzlinə layiq olan tərzdə rəftar eylə, Sən ey varlığın Maliki, görünən və görünməyənlərin Sultanı.
Sonra o Ən Uca Adı (Allahu-Əbha) üç dəfə təkrar etsin və sonra səcdə edib söyləsin:
Ey bizim Allahımız, bizi Sənə yaxınlaşdıran, Kitab və Səhifələrində yazdığın bütün xeyirləri bizə verən şeyləri nazil etdiyin üçün Sənə şükrlər olsun. Yalvarırıq Sənə, ey mənim Rəbbim, bizləri şəkk və şübhə qoşunlarından qoru. Sən həqiqətən, Qüdrətli və hər şey Bilənsən.
Sonra o səcdədən başını qaldırsın və əyləşərək söyləsin:
Ey mənim Allahım, Sənin seçilmişlərinin şəhadət verdiklərinə şəhadət verirəm və ən uca Cənnətin sakinlərinin və Sənin qüdrətli Taxtının ətrafında təvaf edənlərin etiraf etdiklərini etiraf edirəm. Mülk və Mələkut Sənindir, Ey aləmlərin Rəbbi!

-Bəhaullah

Namazlar

Namazlar

Böyük Namaz-

İyirmi dörd saatda bir dəfə