Həzrət Əbdül-Bəha tərəfindən nazil olmuş bu dua, Onun Astanasında oxunur. Bu həmçinin şəxsi dua kimi də oxuna bilər.
Hər kim bu duanı mütilik və şövq ilə oxusa, bu Bəndənin ürəyinə şadlıq və sevinc gətirər; bu isə Onunla üz-üzə görüşmək kimidir.
O Nurluların Nurlusudur!
Ey Allah, mənim Allahım! Mütilik və göz yaşları içində yalvarış əllərimi Sənə tərəf qaldırır və üzümü aqillərin biliyindən və Səni tərif edənlərin tərifindən uca Astananın torpağına sürtürəm. Sənin qapında baş əyən və təzim edən bu bəndəyə mərhəmət gözlərinlə bax və onu əbədi fəzl Dəryanda qərq eylə.
Ya Rəbb! O, Sənin yazıq və müti bir bəndəndir, Sənin kölən olaraq Sənə yalvarır, Sənin əlində əsir olaraq, Sənə atəşin dua edir, Sənə inanır, Sənin üzün qarşısında göz yaşları içində, Səni çağırır və Sənə yalvararaq iltimas edir:
Ya Rəbb, mənim Allahım! Fəzlini mənə bağışla ki, Sənin sevimlilərinə xidmət edim, Sənə bəndəlikdə məni gücləndir, Sənin müqəddəslik sarayında sitayiş nuru və Sənin əzəmət səltənətinə yönələn duaların işığı ilə alnımı işıqlandır. Mənə kömək eylə, Sənin qapının səmavi astanasında təmənnasız olum və mənə yardım eylə, Sənin müqəddəslik dövrəndə olan hər bir şeydən inqita edim. İlahi! Mənə fənalıq piyaləsindən içir; mənə fənalıq libası geyindir və məni fənalıq dəryasında qərq eylə. Məni, öz sevimlilərinin keçdiyi yolun tozu eylə və Sənin yolunda seçilmişlərinin addımları ilə şərəflənmiş torpağa fəda olmağı əta eylə, Ey İzzət və Ülviyyət Mövlası.
Bu münacat ilə Sənin bu bəndən səhər və axşam Sənə üz tutur. Onun ürəyinin arzusunu yerinə yetir, İlahi! Onun ürəyini nurlandır, könlünü sevindir və çırağını yandır ki, Sənin Əmrinə və Sənin bəndələrinə xidmət etsin.
Sən Bəxşedən, Mərhəmətli, Kəramətli, Fəzl Sahibi, Rəhmli və Şəfqətlisən.
-Əbdül-Bəha Əbbas