top of page
30 conversation_time_six-plingue.altervi

Alqış Sənə, Ya Rəbb, mənim Allahım! Bunlar o günlərdir ki, Sən bütün insanlara Oruc tutmağı hökm etmisən, ta ki, bununla onlar öz qəlblərini təmizləsinlər, Səndən başqa hər şeyə bağlılıqdan qurtulsunlar və onların ürəklərindən elə şeylər yüksəlsin ki, Sənin əzəmət sarayına layiq olsun və Sənin birliyinin təzahürünün taxtına yaraşsın. İzn ver, İlahi, qoy bu oruc həyat çeşməsi olsun və Sənin ona əta etdiyin bəhrəni versin. Bununla Sən bəndələrinin ürəklərini təmizlə, o bəndələr ki, dünyanın şəri onların Sənin Əbha Adına yönəlməsinə mane ola bilmədi, o kəslər ki, Sənin Öz hökmranlığını, qüdrətini, əzəmətini və şərəfini əta etdiyin Zühurunun gəlişini müşayiət edən Sənə məxsus ən parlaq əlamətləri inkar edənlərin çaxnaşması və hay-küyü onları sarsıda bilmədi. Bunlar o bəndələrdir ki, Sənin nidan onlara yetişən kimi, Sənin mərhəmətinə doğru tələsdilər və bu dünyanın qəzavü-qədəri və ya bəşəri məhdudiyyətləri onları Səndən saxlaya bilmədi.

Mən o kəsəm ki, Ey mənim Allahım, Sənin birliyinə şəhadət verir, Sənin təkliyini iqrar edir, Sənin əzəmətinin təzahürləri qarşısında itaətlə baş əyir, o kəsəm ki, tutqun üzlə Sənin ən ali cəlalının işığının təcəllilərini etiraf edir. Sənin Özünü tanımaq üçün məni qabil etdikdən sonra Sənə iman gətirdim, O Kəs ki, Sən Onu Öz hökmranlığının və qüdrətinin gücü ilə insanların gözü qarşısında zühur etdirdin. Mən Ona dönmüşəm, hər şeydən büsbütün ayrılmışam, Sənin bəxşiş və lütflərinin ipindən möhkəm yapışmışam. Mən Onun həqiqətini və Ona nazil olan bütün ecazkar qanunların və hökmlərin həqiqətini qəbul etmişəm. Mən Sənin məhəbbətin üçün oruc tutmuşam və Sənin göstərişinə əməl edərək dilimdə Sənin zikrin və Sənin razılığınla iftarımı açmışam. İzn vermə, İlahi, o kəslərin arasında sayılım ki, gündüzlər oruc tutublar, gecələr Sənin üzün qarşısında səcdə ediblər, amma Sənin həqiqətini inkar ediblər, Sənin əlamətlərinə inanmayıblar, Sənin sübutunu rədd ediblər və Sənin bəyanını təhrif ediblər.

İlahi, mənim gözlərimi və Səni axtaranların hamısının gözlərini aç ki, biz Səni Sənin Öz gözlərinlə tanıyaq. Bu, Öz əmrinlə seçdiyin, bütün məxluqatının üzərində lütfün üçün ayırdığın, Öz hökmranlığını əta edərək xüsusi iltiafat göstərdiyin və insanlarına Müraciətini etibar etdiyin Kəsə göndərdiyin Kitabda bizlərə verdiyin əmrindir. Təriflər olsun Sənə, ona görə də, Ey mənim Allahım, Sən fəzlinlə bizi Onu tanımağa və Ona nazil olan hər şeyi qəbul etməyə qabil etdin və bizə Kitabında və Lövhlərində vədini verdiyin Kəsin hüzuruna yetişmək şərəfi verdin.

Sən məni görürsən, Ey mənim Allahım, üzümü Sənə tərəf çevirmişəm, Sənin təqdir və səxavət ipindən yapışmış, mərhəmət və kərəminin ətəyindən tutmuşam. Yalvarıram Sənə, Sənin dərgahının həndəvərinə və hüzurunun məbədinə üzünü tutan və Sənə məhəbbət xatirinə oruc tutan bəndələrinə qismət etdiklərinə yetişmək ümidlərimi puça çıxarma. Mən etiraf edirəm, Ey mənim Allahım, mənim bütün etdiklərim Sənin hökmranlığına və əzəmətinə əsla layiq deyil. Bununla belə, ən parlaq Adınla öz gözəlliyini aşkara çıxardığın bu Zühurda mükəmməl adlarının şərəfi ilə bütün yaranmış şeylərə izhar etdiyin o Adına and verirəm ki, Sənin iradənin sağ əlindən axan şərbətindən mənə içir, ta ki, mən nəzərlərimi Sənə elə dikim və Səndən başqa hər şeydən elə ayrılım ki, dünya və onda yaradılan hər şeyə yaratmağa layiq bilmədiyin keçən bir gün kimi baxım.

Mən bir daha Sənə yalvarıram, Ey mənim Allahım, Sənin iradə göyündən və mərhəməт buludlarından onları yağdır ki, bizi xətalarımızın qoxusundan təmizləsin, Sən Ey Özünü Mərhəmət Allahı adlandıran Kəs! Sən, həqiqətən, Ən Qüvvətli, Ən Nurlu, Xeyirxahsan.

İlahi, Sənə dönən kəsi rədd etmə, Sənə yaxınlaşmış kəsi dərgahından uzaq tutma, Sənin fəzlin və lütfün üçün yanğı ilə əllərini uzadıb yalvaran kəsin ümidlərini puça çıxarma və səmimi bəndələrini Öz mərhəmət və inayətinin möcüzələrindən məhrum etmə. Sən Bağışlayan və Kəramətlisən, İlahi! İstədiyini etməyə Sənin qüdrətin var. Səndən başqaları Sənin qüdrətinin təzahürləri qarşısında gücsüzdür və Sənin zənginliyinin dəlilləri qarşısında səfildir, Sənin fövqəl hökmranlığının təzahürləri ilə müqayisədə bir heçdir və Sənin qüdrət əlamətlərin və nişanələrin qarşısında gücdən tam məhrumdur. Səndən başqa sığınacaq varmıdır ki, İlahi, mən ona sığınım, haradadır o pənah yeri ki, mən ona tələsim. Xeyr, Sənin qüdrətinin qüvvəti mənə şahidlik edir! Səndən özgə mühafizəçi yoxdur, Səndən qeyri pənah yeri yoxdur, Səndən başqa axtarılası sığınacaq yoxdur. Mənə Sənin zikrinin və tərifinin ilahi şirinliyini dadızdır. Sənin qüdrətinə and olsun! Kimsə bunun şirinliyini dadsa, dünyada və onda olanlara olan bütün bağlılıqlardan özünü qurtarar və Səndən başqa hər kəsin zikrindən təmizlənərək üzünü Sənə tutаr.

Sonra, Ey mənim Allahım, Sənin ecazkar zikrinlə mənim qəlbimi ruhlandır, ta ki, mən Sənin adını vəsf edim. Məni o kəslərdən etmə ki, Sənin sözlərini oxuyurlar, lakin Sənin hökm etdiyin kimi, onlarda gizli olan və Sənin məxluqlarının qəblərini və bəndələrinin ürəklərini canlandıran bəxşişləri tapa bilmirlər. İlahi, məni o kəslərin arasında say ki, Sənin günlərində əsən şirin rayihələrdən vəcdə gəldilər və həyatlarını Sənə qurban verdilər, Sənin camalını görmək arzusu və Sənin hüzuruna yetişmək eşqi ilə ölüm səhnəsinə tələsdilər. Onların yolu üstündə kimsə soruşsaydı ki, "Hara gedirsiniz", onlar deyərdilər, "Allaha doğru, Hər Şeyə Malik, Əzəmətli və Qəyyum Allaha!"

Səndən üz çevirənlərin və Sənə təkəbbür göstərənlərin törətdiyi zülm onları Səni sevməkdən, Sənə yönəlməkdən və üzlərini Sənin mərhəmətinə tutmaqdan saxlaya bilmədi. Bunlar o kəslərdir ki, Səma Sakinləri tərəfindən xeyir-dua alıblar, əbədi şəhərlərin sakinləri onları alqışlayıb, və onlardan başqa, o kəslər tərəfindən ki, Sənin ən uca qələmin onların alnına yazıb: "Bunlar onlardır! Bəha əhli! Onların vasitəsilə hidayət nurlarının şəfəqləri yayılıb". Sənin əmrin və Sənin iradənlə, Sənin dəfedilməz təqdir Lövhündə belə yazılıb.

Ona görə də, Ey mənim Allahım, onların və o kəslərin böyüklüyünü bəyan et ki, yaşayarkən və ya dünyalarını dəyişdikdən sonra onların ətrafına dolanırlar. Onlara Öz məxluqatın arasında insaflı olanlara qismət etdiklərini nəsib eylə. Sən hər şey etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Ən Qüvvətli, Əzəmətli, Ən Qüdrətli və Ən Kəramətli.

Bizim oruclarımızı bu orucla bitirmə, İlahi, nə də ki, bu bizim Səninlə son əhdimiz olsun. Sənin məhəbbətin xatirinə və Sənin razılığın üçün etdiyimiz hər şeyi və öz nəfsimiz və ehtirasımıza tabe olduğumuzdan edə bilmədiklərimizi bizdən qəbul eylə. Sonra bizi qadir eylə ki, Sənin məhəbbətinə və razılığına möhkəm bağlanaq, Səni inkar edənlərin və Sənin ən parlaq əlamətlərini rədd edənlərin şərindən bizi hifz eylə. Sən, həqiqətdə, bu dünyanın və o biri dünyanın Rəbbisən. Səndən başqa Allah yoxdur, Sən Uca və Ən Yüksəksən.

Ya Rəbb, mənim Allahım, O Kəsi ucalt ki, İlkin Nöqtədir, İlahi Sirdir, Görünməz Zatdır, İlahilik Məşriqi, Rəblik Məzhəridir, O Kəs ki, Onunla keçmişin və gələcəyin bütün elmləri aydın oldu, Onunla pünhan hikmət gövhərləri aşkara çıxdı, Sənin gizli saxlanmış adının sirri açıldı, O Kəs ki, Onu Sən O Kəsin Müjdəçisi təyin etdin ki, Onun adıyla "O" və "L" hərfləri birləşdi və qovuşdu, Onunla Sənin əzəmətin, hökmranlığın və Sənin qüdrətin aşkar oldu, Onunla Sənin sözlərin nazil oldu və Sənin qanunların aydınlığı ilə məlum oldu, Sənin əlamətlərin hər yana yayıldı, Sənin Sözün bərqərar oldu, Onunla Sənin seçilmişlərinin ürəklərindəkilər açıldı, göydə və yerdə olanların hamısı bir yerə toplaşdı, O Kəs ki, Sən Onu Öz adlarının səltənətində "Əli-Məhəmməd", Sənin dəyişməz hökmünün Lövhlərində "Ruhlar Ruhu" adlandırdın, O kəs ki, Sən Ona Öz adını verdin, O Kəs ki, Sənin hökmün və Sənin Qüdrətinin qüvvəsi ilə bütün adlar Onun adına qayıtdı, O Kəs ki, Onda Sən özünün bütün əlamət və adlarını son həddinə çatdırdın. Ona həm də o adlar məxsusdur ki, Sənin pak çadırlarında, Sənin qeyb aləmində və pak şəhərlərində gizlədilib.

Bundan başqa, Onun Sonrakı Zühurunda Sənin birliyini tanıyanların arasından Ona və Onun əlamətlərinə iman gətirənləri, Ona tərəf dönənləri ucalt, O Zühur ki, Onun barəsində O Öz Lövhlərində, Kitablarında, Səhifələrində və Ona nazil olan bütün ecazkar ayələrində və gövhər kimi bəyanlarında xatırlatmışdı. Bu həmin o Zühurdur ki, Onun əhdini Sən Ona Öz əhdini bağlayandan əvvəl bərqərar etməyi hökm etmişdin. Bu O Kəsdir ki, Bəyan Onun tərifini ucaldıb. Bunda (Bəyanda) Onun aliliyi vəsf olunub, Onun həqiqəti təsbit olunub, Onun hökmranlığı bəyan edilib və Onun Əmri təkmil olub. Xoş o kəsin halına ki, Ona tərəf dönüb, Onun hökm etdiklərini yerinə yetirib, Sən ey bu dünyanın Rəbbi və Səni tanıyanların Məqsudu!

Təriflər olsun Sənə, Ey mənim Allahım, çünki Sən bizə kömək etdin ki, Onu tanıyaq və sevək. Ona görə də, Səni and verirəm, Ona və O Kəslərə ki, Sənin Allahlığının Məşriqləri və Sənin Rəbliyinin Məzhərləri, Sənin Vəhyinin Xəzinələri və ilhamının Dəfinələridir – bizi qabil et ki, Ona xidmət edək və Ona itaət edək, bizi qadir et ki, Onun əmrinin köməkçiləri olaq və Onun düşmənlərini pərən-pərən salaq. Sən istədiyin bütün şeyləri etməyə Qadirsən. Səndən başqa Allah yoxdur, Qüdrətli, Ən Cəlallı, O Allah ki, hamı Onun köməyini diləyir!

-Bəhaullah

Orucluq

6. Sən insanlara Oruc tutmağı hökm etmisən ki, onunla qəlblərini təmizləsinlər

Orucluq

bottom of page