top of page
Sunset Sailboats

Ey  Allah, mənim Allahım! Sən görürsən, qara zülmət bütün diyarları necə bürüyür. Bütün ölkələr ixtilaf atəşində necə yanırlar, müharibə və qətliyam Şərq və Qərbi necə oda qalayıb. Qanlar tökülür, bədənlər torpağa sərilib, üzülümüş başlar savaş meydanında toz-torpağa düşüb.

Ya Rəbb! Bu nadanlara yazığın gəlsin, onlara əfv və bağış gözlərilə bax. Bu atəşi söndür ki, üfüqləri tutan bu qara buludlar dağılsın, Həqiqət Günəşi barış şualarını saçsın, bu qaranlıq qovulsun və sülhün parlaq nuru öz şəfəqlərini bütün ölkələrin üzərinə yaysın.
Ya Rəbb! Xalqları nifrət və ədavət dəryasının burulğanından çıxar, onları bu qatı zülmətdən qurtar. Ürəklərini birləşdir, sülh və barış nuru ilə gözlərini işıqlandır. Onları savaş və qırğın uçurumundan qurtar, azğınlıq qaranlığından xilas eylə. Onların gözlərindən pərdəni qaldır və ürəklərini hidayət işığı ilə nurlandır. Onlarla inayət və mərhəmətinlə davran, qüdrətliləri titrədən ədalətin və qəzəbinlə onlarla rəftar etmə.
Ya Rəbb! Müharibələr uzanır. Bədbəxtlik və həyəcanlar çoxalıb və hər bir çiçəklənən diyar viran qalıb.
Ya Rəbb! Ürəklər sıxıntıda, qəlblər iztirabdadır. Bu bədbəxtlərə rəhm eylə, onları öz ifrat ehtiraslarına buraxma.
 
Ya Rəbb! Öz ölkələrində təvazökar və itaətkar ruhlar meydana çıxar, o ruhlar ki, üzləri hidayət şüaları ilə nurlanıb, bu dünyadan əllərini üzüblər, Sənin Adını ucaldır, tərifini söyləyirlər və bəşərin arasında Sənin müqəddəslik ətirlərini yayırlar.
 
Ya Rəbb! Onların belini gücləndir, kəmərlərini qurşa və ürəklərini Sənin məhəbbətinin ən böyük əlamətləri ilə heyran eylə.
 
Ya Rəbb! Həqiqətən, onlar zəifdirlər, Sən isə Qüvvətli və Qüdrətlisən; onlar acizdirlər, Sən isə Köməkedən və Mərhəmətlisən.
 
Ya Rəbb! Asilik dəryaları dalğalanır və bu təlatümlər ancaq Sənin bütün diyarları əhatə edən hüdudsuz fəzlinlə sakitləşə bilər.
 
Ya Rəbb! Həqiqətən, insanlar ehtiras uçurumuna yuvarlanıblar və Sənin sonsuz kəramətindən başqa heç nə onları xilas edə bilməz.
 
Ya Rəbb! Bu azmış nəfs qaranlığını qov və Sənin məhəbbətinin tezliklə bütün ölkələri nurlandıracaq çırağıyla ürəkləri nurlandır. Sənin rayihələrini yaymaq və Sənin Təlimlərini bəyan etmək üçün vətənlərini, ailələrini və uşaqlarını tərk edərək Sənin Camalına məhəbbətləri xatirinə qürbət diyarlara yayılmış dostlarını müvəffəq eylə.
 
Yalqızlıqlarında onların həmdəmi, yad torpaqlarda onların köməyi və kədərlərini dağıdan ol, bəla zamanı isə onların təsəlli verəni ol. Susuzluqlarında sərinləşdirici içkisi, xəstəliklərində şəfaverici dərmanı və ürəklərinin həsrət atəşinə məlhəm ol.
 
Həqiqətən, Sən Ən Səxavətli, bol fəzl Sahibisən, həqiqətən, Sən Şəfqətli və Mərhəmətlisən.

-Əbdül-Bəha

İlahi Təyid Duaları

13. qara zülmət bütün diyarları bürüyür

İlahi Təyid Duaları

bottom of page