Alqış olsun Sənə, Ey Allah, mənim Allahım! Hər dəfə mən Səni zikr etməyə cəsarət edəndə Sənə qarşı işlətdiyim böyük günahlarım və ağır xətalarım mənə mane olur və mən özümün Səndən məhrum olduğumu və Səni zikr etməkdə acız olduğumu görürəm. Lakin Sənin kəramətınə mənim böyük inamım mənim ümidimi yenidən canlandırır və mənimlə iltifatla davranacağına yəqinliyim məni cürətləndirir ki, Səni tərif edim və Sənin malik olduqlarını Səndən rica edim.

Səni and verirəm, Ey mənim Allahım, Sənin o mərhəmətinə ki, bütün şeyləri bürüyüb və Sənin adlarının dəryasına qərq olanlar ona şəhadət verir – məni öz nəfsimə buraxma, çünki mənim nəfsim xətaya meyllidir. Sonra isə məni Öz himayənin qalasında və ismətinin sığınacağında hifz eylə. Mənim yeganə arzum odur ki, İlahi, onu Sən Öz qüdrət və qüvvətinlə müəyyən etmisən. Özüm üçün seçdiyim yalnız odur ki, Sənin səxavətli qismət payından və iradənin hidayətindən kömək alım və Sənin fərman və mühakimənin nişanələrindən yardım alım.
Yalvarıram sənə, Ey müştaq qəlblərin Məhbubu! Sənin Əmrinin Məzhərləri, İlhamının Məşriqləri, Qüdrətinin Təzahürləri və Elminin Xəzinələri xatirinə, məni Sənin Mübarək Sarayından, Sənin Məbəd və Məqamından məhrum qoyma. Kömək eylə mənə, İlahi, Onun müqəddəs sarayına daxil olum və Onun camalının ətrafında təvaf edim və Onun qapısında itaətkarlıqla dayanım.
 
Sən o Kəssən ki, qüdrəti əzəldən əbədiyyətə qədərdir. Heç bir şey Sənin elmindən gizli qala bilməz. Sən həqiqətən, qüdrət Allahı, cəlal və hikmət Allahısan.
Şükrlər olsun Allaha – aləmlərin Rəbbinə!

-Bəhaullah

Bağışlanma Duaları

Bağışlanma Duaları

5. Hər dəfə mən Səni zikr edirəm Sənə qarşı işlətdiyim günahlar və xətalarım mənə mane olur