Bu münacat Ruhani Məhfilin görüşünün sonunda oxunur
İlahi! İlahi! Öz birliyinin gizli səltənətindən bizə nəzər sal, Sənə iman gətirmişik, Sənin əlamətlərinə əmin olmuşuq, Sənin Əhd-Peymanında möhkəm, Sənə cəzb olunmuşuq, Sənin məhəbbət oduna qalanmışıq və Sənin əmrində sədaqətli olmaqla bu ruhani yığıncaqda toplaşmışıq. Biz Sənin üzümlüyünün xadimləriyik, Sənin dinini yayanlarıq, Sənin üzünə sədaqətlə sitayiş edənlərik və Sənin dostların qarşısında müti, Sənin qapın önündə baş əymiş halda Sənə yalvarırıq - Sənin seçilmişlərinə xidmət etməkdə bizi müvəffəq eylə, görünməz qoşunlarınla bizə dayaq dur, Sənə bəndəlikdə belimizə qüvvət ver və bizi təslim olmuş, Sənə sitayiş edən və Səninlə ünsiyyət edən bəndələr eylə.
Ey Rəbbimiz! Biz zəifik, Sən isə Qüdrətlisən, Qüvvətlisən. Biz ölüyük, Sən isə ən böyük həyatverən Ruhsan. Biz möhtacıq, Sən isə Ruzi Verən və Qüvvətlisən.
Ey Rəbbimiz! Bizim üzümüzü Öz mərhəmətli üzünə çevir, Öz tükənməz fəzlinlə bizi Sənin səma süfrəndən qidalandır, uca mələklərinin qoşunu ilə bizə yardım eylə və Əbha Mələkutundakı müqəddəslərlə bizə dəstək ver.
Həqiqətən, Sən Səxavətli və Mərhəmətlisən. Sən böyük kəramət Sahibisən və həqiqətən, Sən Rəhmli və Fəzl Sahibisən.
-Əbdül-Bəha Abbas