top of page
Taj.jpg

Bu gündəlik namazlara, şəfa Duası, Əhməd Lövhü kimi digər bir neçə xüsusi dualarla yanaşı, Həzrət Bəhaullah tərəfindən fövqəladə güc və əhəmiyyət əta edilmişdir və ona görə də onları belə qəbul etmək lazımdır. Möminlər onları şübhəsiz iman və inamla oxumalıdırlar ki, onların vasitəsilə Allahla daha yaxın ünsiyyətə girə bilsinlər və özlərini Onun qanun və hökmləri ilə daha tam uyğunlaşdırsınlar.

Odur Sultan, hər şeyi Bilən və Hikmətli!

Budur, Cənnət Bülbülü Əbədiyyət Ağacının budaqları üzərində müqəddəs və şirin avazla oxuyur. Тəmiz qəlblilərə Allahın yaxınlığından müjdə verir, Allahın Birliyinə inananları Səxavətli Allahın Hüzurunа çağırır, inqitа еdənlərə Sultan, Cəlallı, Bənzərsiz Allahın nazil etdiyi bu müraciətdən xəbər verir və aşiqləri Müqəddəslik Məqamına və bu nurlu Camala doğru yönəldir.

 

Həqiqətən, bu həmin O Ən Böyük Camaldır ki, Peyğəmbərlərin Kitablarında öncədən xəbər verilmişdi, Onun vasitəsilə haqq nahaqdan ayrılar, hər bir əmrin hikməti Onunla sınanar. Həqiqətən, O, bir Həyat Ağacıdır ki, onun barı Uca, Güclü və Ulu Allahın meyvələridir.

 

Ey Əhməd! Sən buna şəhadət ver ki, həqiqətən, Odur Allah və Ondan başqa Allah yoxdur, O Sultan, Hifz Edən, Misilsiz və Qüdrətlidir, və "Əli" adı ilə göndərilən O şəxs haqdır və biz hamımız Onun əmrlərinə əməl edənlərik.

 

Söylə: Ey insanlar, Cəlallı və Hikmətli Allahın Bəyanda hökm etdiklərinə itaət edin. Həqiqətən, O, Elçilərin Padşahı və Onun Kitabı Ana Kitabdır, kaş ki, bilənlərdən olardınız.

 

Bu Bülbül sizə bu məhbəsdən belə səslənir. O, ancaq bu aydın müraciəti sizə çatdırmalıdır. Kim istəyir, qoy bu nəsihətdən üz çevirsin, kim istəyirsə, qoy öz Rəbbinə gedən yolu seçsin.

 

Ey qövm, əgər siz bu ayələri inkar etsəniz, onda Allaha hansı dəlil ilə iman gətirmişdiniz? Göstərin dəlilinizi, ey yalançılar zümrəsi.

Xeyr, mənim canım əlində Olana and olsun, onlar bunu edə bilməyəcəklər və heç vaxt da buna qadir olmayacaqlar, hətta bir-birlərilə köməkləşsələr də.

Ey Əhməd! Mən olmayanda fəzlimi unutma. Sənin günlərində, Mənimlə olan günləri və bu uzaq məhbəsdə hüznümü və qəribliyimi xatırla. Sevgimdə elə möhkəm dur ki, hətta başına düşmən qılıncları ensə və bütün yer-göy əleyhinə qalxsa, ürəyin əsla tərəddüd etməsin.

Düşmənlərimə bir yanar od, dostlarıma isə əbədi həyat çeşməsi ol və şübhə edənlərdən olma.

 

Və əgər yolumda bir bəlaya düşsən və ya Adımdan ötrü bir zillətə uğrasan, üzülmə.

 

Allaha təvəkkül eylə, sənin Allahın və atalarının Rəbbi olan Allaha. Zira, xalq yanlış yolda sərgərdandır və Allahı öz gözləri ilə görmək və Onun Nəğmələrini öz qulaqları ilə eşitmək bəsirətindən məhrumdurlar. Biz onları belə gördük, sən də buna şahidsən.

Onların xurafatı onlarla qəlbləri arasında beləcə pərdəyə çevrilmiş və onlar Uca və Ulu Allahın yolundan beləcə kənarda qalmışlar.

Sən öz qəlbində buna əmin ol ki, bu Camaldan üz çevirmiş olan bir kimsə, bundan öncə gələn bütün Elçilərdən də üz çevirmiş və əzəldən əbədiyyətədək Allaha təkəbbür göstərmiş olur.

Yaxşı öyrən bu lövhü, ey Əhməd. Öz günlərində onu avazla oxu və özünü ondan məhrum etmə. Çünki həqiqətən, Allah onu oxuyana yüz şəhidin və hər iki dünyada ibadət edənlərin mükafatını müəyyən etmişdir. Biz Öz tərəfimizdən sənə bir fəzlimiz və hüzurumuzdan bir mərhəmət olaraq bu iltifatı göstərdik ki, sən şükr edənlərdən olasan.

Allaha and olsun! Çətinliyə və ya qəm-qüssəyə düşən bir kimsə bu Lövhü sidq ürəklə oxusa, Allah onun kədərini dağıdar, çətinliyini qaldırar və dərdini yox edər.

Həqiqətən, O Rəhmlidir, Şəfqətlidir. Alqış olsun Allaha, aləmlərin Rəbbinə.

 

-Bəhaullah

Əhməd Lövhü

Bu Bülbül sizə bu məhbəsdən belə səslənir

bottom of page