Odur Allah! Ya Rəbb, mənim Allahım, mənim Məhbubum! Bunlar Sənin o bəndələrindir ki, Sənin Səsini eşidiblər, Sözünə qulaq veriblər və Çağırışını dinləyiblər. Onlar Sənə iman gətirib, möcüzələrinə şahid olublar, Sənin sübütlarını etiraf edib, dəlillərinə şəhadət veriblər. Onlar Sənin yollarında addımlayıblar, Sənin hidayətinə tabe olublar, Sənin sirlərini açıblar, Sənin Kitabının, Sənin Səhifələrinin ayələrinin, Sənin Namələrinin və Lövhlərinin müjdələrinin gizli sirlərini anlayıblar. Onlar Sənin libasını ətəyindən yapışıblar, Sənin nurunun və əzəmətinin əbasından möhkəm tutublar. Onların qədəmləri sənin Əhdində möhkəmlənib və onların ürəkləri Sənin Peymanında qətiyyət əldə edib. Ya Rəbb! Onların ürəklərində Sənin ilahi cazibənin odunu yandır və izn ver ki, eşq və anlayış quşu onların ürəklərində oxusun. Onları sarsılmaz əlamətlərə, parlaq nümunələrə çevir və Öz Sözünü kimi onları kamil eylə. Onların vasitəsilə Öz Əmrini ucalt, bayraqlarını dalğalandır və möcüzələrini hər yana aşkar eylə. Sözünü onlara qalib eylə və sevimlilərinin qurşaqlarını bərkit. Onların dillərini azad et ki, Sənin Adını ucaltsınlar və onları Sənin müqəddəs iradən və razılığına uyğun olan əməllərə ruhlandır. Sənin müqəddəslik səltənətində onların üzünü nurlandır və Əmrinin zəfəri naminə ayağa qalxmaqa kömək etməklə onların sevincini tamamla.

Ya Rəbb! Biz zəifik, bizi gücləndir ki, Sənin müqəddəslik rayihələrini yayaq; biz fəqirik, bizi Sənin İlahi Birlik xəzinələrindən zəngin eylə; üryanıq, bizi Sənin kəramətinin libasına bürü; günahkarıq, Öz fəzlinlə, Sənin lütfün və əfvinlə günahlarımızı bağışla. Sən, həqiqətən, Yardımçı, Köməkedən, Fəzl Sahıbi, Qüdrətli və Qüvvətlisən.

 

Nurların nuru, səbatlı və möhkəm olanların üzərində olsun.

-Əbdül-Bəha Abbas

Səmavi Bəxşiş Duaları

Səmavi Bəxşiş Duaları

9. Biz zəifik, bizi gücləndir ki, Sənin müqəddəslik rayihələrini yayaq