İlahi! Sənin yolunda bizi sabit-qədəm eylə və ürəklərimizi Sənə itaətdə qüvvətləndir. Üzlərimizi Öz təklik camalına yönəlt və qəlblərimizi vahidliyinin nişanələri ilə fərəhləndir. Bədənlərimizi Öz kəramət libasınla bəzə, gözlərimizdən günahkarlıq pərdəsini qaldır və bizə vəfa piyaləsini içir ki, bütün varlıqların zatı Sənin əzəmətinin hüzurunda Sənin tərifini söyləsin. Sonra, Ya Rəbb, Öz mərhəmətli bəyanınla və İlahi varlığının sirri ilə Özünü aşkar eylə ki, duanın ruhani ləzzəti bizim qəlblərimizi doldursun – o dua ki, sözlərin və hərflərin fövqündə durur, heca və səslərin ahəngindən ucadır – ta ki, hər şey Sənin şəfəqlərinin zühuru qarşısında heçliyə uğrasın.
İlahi! Bunlar o bəndələrdir ki, Sənin Əhdində və Peymanında möhkəm və sabit qaldılar, Sənin Əmrində dəyanət ipindən tutdular və Sənin Əzəmət ətəyindən yapışdılar. Onlara kömək və yardım et, İlahi, Öz lütfünlə onları müvəffəq eylə və Sənə itaətdə onların qurşağını qüdrətinlə bərkit.
Sən Bağışlayan və Mərhəmətlisən.
-Əbdül-Bəha Abbas
Əhddə Möhkəmlik Duaları
Əhddə Möhkəmlik