Alqış söyləyirəm Sənə, Ey mənim Allahım, Sənin inayətinin rayihələri məni bihuş etdi və mərhəmətinin nəvazişli nəsimləri məni bol lütflərinə yönəltdi. Səxavət barmaqlarınla, İlahi, mənə o dirilik çeşməsindən içir ki, ondan dadan hər kəsi Səndən başqa bütün bağlılıqlardan azad olmağa, Sənin inqita fəzana uçmağa və nəzərlərini Sənin inаyətinə və bol bəxşişlərinə dikməyə qabil etdi.
Məni hazır eylə, İlahi, hər bir şəraitdə Sənə xidmət edim, Sənin Əmr və Camalının məbədinə üz tutum. Əgər istəsən, məni Öz fəzl çəmənliyinin zərif bir bitkisi eylə ki, Sənin iradənin nəvazişli nəsimləri məni hərəkətə gətirsin və məni Sənin istəyinə uyğun olaraq elə əsdirsin, ki, mənim hərəkətim və sükunətim tamamilə Sənin ixtiyarında olsun.
Sən O Kəssən ki, Onun adı ilə Gizli Sirr açıldı, möhkəm Qorunan Ad aşkar oldu, möhürlənmiş piyalənin möhürü açıldı və istər keçmişdə, istərsə də gələcəkdə olan bütün varlıqların üzərinə onun ətri səpildi. Susuz olan kəs, İlahi, Sənin fəzlinin dirilik suyuna tələsdi, biçarə olan kəs isə Sənin sərvət dənizində qərq olmaq istədi.
And olsun Sənin cəlalına, Ya Rəbb, Ey aləmin Məhbubu və Səni tanıyanların Məqsudu! Sənin Vüsal Günəşin parıltısını Sənin ümmətinin üstünə saldığı bu günlərdə, Səndən ayrılığın qəm-qüssəsi məni dərdə salıb. Elə isə, nəzərlərini Sənin üzünə dikən, izninlə Sənin dərgahına daxil olan və hökmünlə Səninlə üzbəüz dayanan kəslərin mükafatını mənə yaz.
Səni and verirəm, Ey mənim Allahım, işığı yeri və göyü əhatə edən adına - mənim iradəmi Sənin Lövhlərində müəyyən etdiklərinə təslim olmağa qabil eylə ki, özümdə Sənin Öz hökmranlığınla istədiyindən başqa bir istək və Sənin Öz iradənlə mənə hökm etdiyindən özgə bir iradə tapmayım.
Mən kimə üz tutum, İlahi, Sənin Seçilmişlərinə göstərdiyin yoldan başqa bir yol tapmaqda belə aciz ikən? Yer üzünün bütün zərrələri bəyan edir ki, Sən Allahsan və şəhadət verir ki, Səndən başqa Allah yoxdur. Sən əzəldən Öz istədiyini etməyə Qadir olmusan və istədiyini hökm etmisən.
Mənə elə bir qismət yaz ki, Ey mənim Allahım, hər zaman üzümü Sənə tutum, daima Sənin fəzlinin ipindən yapışım, Sənin adını elan edim, Sənin qələmindən süzülənləri arayım. Mən fəqir və kimsəsizəm, İlahi, Sən isə hər şeyə Malik və Ən Ucasan. Elə isə, mərhəmət möcüzələrinlə mənə rəhm eylə və həyatımın hər bir anında mənə o şeyləri nazil eylə ki, onunla Sən Sənin birliyini tanıyanların və Sənə vəfalı qalanların ürəklərini yenidən yaratmısan.
Sən, həqiqətən, Qüdrətli, Ən Uca, Hər şeyi Bilən və Hikmət Sahibisən.
-Bəhaullah
İlahi Xidmət Duaları
İlahi Xidmət Duaları