Naxçıvan Bəhai İcmasına yazılmış xeyir-dua 1896-ci il
Ey Allah! Onları bu dünyada Öz tövhid nişanələrin eylə və Sənin təyid nəsiminlə zirvədə dalğalanan tərif bayraqların eylə. Onları bu aləmdə töhidin dan yerinin şəfəqləri, təcridin təzahürləri və Öz sifətlərinin nurunun məşriqləri eylə, ta ki, elə bir əxlaqa malik olsunlar ki, Şərq və Qərb onların pak nəfəslərindən ətirlənsin. Və onların üzünün nurundan yer kürəsinin cənubu və şimalı nurlansın.
Bakı Bəhai icmasına yazilan xeyir-dua 1902-ci il
Ey Allah! Bu o şəhərdir ki, orada Sənin məhəbbətinin atəşi şölələndi və Sənin mərifətinin işığı buradan saçdı. Elə isə onları hər tərəfi və hər yeri işıqlandıran və ətirləndirən eylə. Və qoy onlar o üfüqlərdən Sənin tovhid nurunun yayılması nəticəsində səadət və xoşbəxtlik fəzasının genişlənməsinə səbəb olsunlar. Onları Öz əhədiyyət dənizinin dalğalarından, Öz mərifət ordunun dəstələrindən, Öz bəxşiş bağının ağaclarından və Öz inayət ağacının meyvələrindən ən sevimliləri eylə. Həqiqətən Sən Ən Kərim və Ən Ucasan.
Balaca olanda anam məni Qobustana aparmışdı. O deyirdi ki, Qobustan min illər əvvəl insanların yaşadıqları ilk məskənlərdən biri olmuşdur. Yaxşı yadımdaır ki, həmin gün mən çox da sevincli deyildim. Hava çox isti idi, küləyin sovurduğu qumlar ağzıma dolurdu, dişlərimin arasında xırçıldayırdı, biz tozlu yollarla qum təpələrini və palçıq gölləri olan ərazidən keçərək Qobustana gedirdik. Nəhayət ki, Qobustana çatdıq. Bura maraqsız, çölün ortası, gün yandıran daşlıqların arasında bir yer idi.
Mən yorulmuşdum, üstəlik susuz və ac idim, o gün çox isti idi. Anam deyirdi ki, biz əcdadlarımızın necə yaşadıqları barədə bir təsəvvür əldə edə biləcəyik. Anam Qafqazın, xüsusilə, Azərbaycanın tarix və mədəniyyəti ilə fəxr edirdi. O inanırdı ki, bir insan gerçəkliyinin ən yüksək zirvəsinə çatmalıdır, amma eyni zamanda geriyə - öz köklərinə daim baxmalıdır. Mən maşından düşəndə ağlayırdım, çünki Qobustanı görə bilmirdim. Mənim gördüyüm ancaq boş bir ərazi, gün yandıran tozlu bir çöllük idi. Anam əlimdən tutub gəzməyə başladı. O məndən soruşdu ki, Qobustanın gözəllyini görə bilirəmmi? Məndə deyirdim nə Qobustan? Haradır?
Biz iri daşlara yaxınlaşdıqda anam mənə daşların üzərindəki rəsmləri göstərdi: qədim insan təsvirləri, hevvanlar, qayıq, dəvə karvanı günəş və ulduz rəsmləri. Mən çox yorulmuşdum, iri bir daşın kölgəsinə sığındım, oturdum ki, bir az dincəlim. Birdən gözüm qarşımdakı iri qaya parçasının üzərindəki bir rəsmə sataşdı, uzun müddət ondan gözümü çəkə bilmədim. Orada balaca və hündür, kök və arıq, müxtəlif formada insanlar təsvir edilmişdilər. Mən burada xeyli oturdum, bələdçi isə tarixdən danışırdı. İndi mən o günü xatırlayıram, sanki daşın üzərindəki o rəsmlər mənim ürəyimə həkk olunmuşdu, ürəyim isə mənə Qafqazlı olmağın nə demək olduğunu söyləyirdi.
Bu rəsmlərlə bizim əcdadlarımızı bizə nə çatdırmaq istəyirdilər? Onlar bu şəkillərlə nə demək istəyirdilər? İllər sonra, o gün haqqında düşünərkən, mən başa düşürəm ki, bizim əcdadlarımız bir-birləri ilə yan-yana, çiyin-çiyinə ahəng və sevgi, dözüm və birlik içində, min illər səbrlə dayanmışdılar. Onların bu daşlarda, bizim ürəklərimizdə, bizim tarix və mədəniyyətimizdə həkk etdikləri mesaj bu idi!
Bütün tarix boyu görünmüşdür ki, bizlər əsl sevgi və həqiqi qonaqpərvərliklə, xoşməramlılıqla necə həyat sürmüşük. Oda sitayiş edənlər təqib olunanda Qafqaza üz tutdular, yəhudiləri təqib edəndə, onlar da Qafqazda sığınacaq tapdılar, ermənilər qovulanda da, onlara Qafqazda yer verildi. Yaxın keçmişdə, 1850-ci illərdə Həzrət Babın (yeni Bəhai dinin müjdəçisi) ardıcılları təqib olunanda, onlar da Qafqazda sığınacaq tapdılar, Naxçıvanda, Ordubadda təşəkkül tapmaqda olan din qardaş və bacılarının yanında və Azərbaycanın digər bölgələrində yerləşdilər. Sevgi və ahəng vasitəsilə yaranmış bu yüksək səviyyəli tolerantlıqdır ki, onun toxumları açıq düşüncə və insafla birlikdə bizim ruhumuzda Qobustanın o zamanlarından əkilmişdir.
Ey Allahın dostları! Deyilir ki, Qafqaz əslində Qaf dağıdır və Qaf dağı ilahi və səmavi Simurğun yuvasıdır. Allahın dostları gərək cəhd etsinlər və fədakarlıq göstərsinlər ki, həqiqətən, o ölkə Camalı -Əbhanın məhəbbət Simurğunun və uca üfüqün mərifət Ənqasının yuvası olsun. Və Salam və Səna sizin üzərinizə olsun. ( Naxçıvan Bəhai icmasına yazılmış xeyir-dua, 1890-ci illərdə. )
Tarixi mənbələrdən məlumdur ki, Ən Böyük Xəbər barədə müjdə 1850-ci illərdə Qafqaza yetişəndə on minlərlə azərbaycanlı Bəhai dininə iman gətirdilər. Əslində Bəhai dininin meydana çıxmasından öncə, Naxçıvanda, Ordubadda yeni dinin müjdəçiləri varidı və onlar insanları yeni müjdə üçün hazırlayırdılar. Bu barədə Azərbaycan milli arxivində, ənənəvi Bəhai İcmasının arxivində, və həm də London arxivlərində tarixi sənədlər tapılmışdır. Beləliklə, Azərbaycan üçün ənənəvi olan bu dinin kökləri peyğəmbərin Azərbaycanda, Araz çayının yaxınlığında yerləşən Makuda və Çehrik qalasında məhbəsə salındığı 1850-ci illərə gedib çıxır.
Niyə Azərbaycan!
Azərbaycanın Milli Arxivində tapılmış tarixi sənədlər göstərir ki, bolşeviklər Azərbaycana gəlməzdən öncə, bütün Azərbaycan böyunca minlərlə Bəhai, Bakı, Naxçıvan, Gəncə, Qarabağ, Bərdə, Balaxanı, Lənkəran, Neftçala, Sabirabad, Saatlı, Şəki kimi şəhərlərdə və kəndlərdə yaşayırdılar. Hətta bizim Fizulu rayonunda yerləşən kəndlərdən biri “Babi” kəndidir. Lakin Sovet hakimiyyəti Azərbaycana daxil olduqdan sonra, Azərbaycandan çıxan maarifpərvər Bəhai dininin nümayəndələrini həbs etdi, sürgünə göndərdi və edam etdi, erməni, gürcü və xristian icmalarını ənənəvi elan edib onlara yol açdı.
Təbii ki, Sovet rejimi dağıldı və müstəqil Azərbaycan Respublikasında Allahın bütün dinlərinə hörmət və tolerantlıq mədəniyyəti bərpa edildi. Müstəqillikdən bəri Azərbaycan ənənəvi Bəhai İcması cəmiyyətin fəal üzvləri olmasına çalışmış, millətimizin rifahına töhfə vermək, təəssübkeşlikləri aradan qaldırmaq, aralarındakı fərqlərə baxmadan bütün insanlara sevgi göstərməklə uşaq və gəncləri tərbiyə etmək, irq və dinlərin birliyini əməldə göstərmək, cəmiyyətə ümid işığı olmaq, qadın və kişilərin bərabərliyini təşviq etmək, elm və dinin harmoniyasını irəlilətmək işində dayanmadan xidmət göstərmişdir. Bəhai dininin məramlarından biri vətəndaşın öz ölkəsinə, millətinə sadiq qalması və siyasətə qətiyyən müdaxilə etməməsidir. Bundan ilham alan Bəhailərin əsas istəyi həmişə Azərbaycana xidmət etməkdən ibarətdir.
Harada yaşamasından asılı olmayaraq, heç kəs Allahın dinindən xəbərsiz qalmamalıdır. Azərbaycanın indiki rəhbərliyi altında uşaqların hər cür informasiya, o cümlədən, Allahın dini və Onun bütün peyğəmbərləri haqqında bilgilər əldə etmələri üçün hər cür təhsil imkanları yaradılmışdır. Səmavi kitablarda buyurulduğu kimi: “AXTARIN, TAPARSINIZ.”