top of page
amol-tyagi-TUbhfdomGsY-unsplash.jpg

Ey mehriban və sevgili Allah! Şərq həyəcandadır, qərb isə dənizin daimi dalğaları kimi təlatümdədir. Müqəddəsliyin nəvazişli nəsimləri yayılır və Qeyb Səltənətindən Həqiqət Günəşinin şüaları parlaq şəfəq saçır. İlahi birlik himni oxunur və səmavi qüdrət bayraqları dalğalanır. Mələk Nidası ucalıb və nəhəng nərəsi kimi, fədakarlıq və faniliyə çağırır. Qalibiyyətli "Sən ey Nurluların Nurlusu" sədası hər tərəfdən ucalır və "Ya Əli-ül-Əla"1(Sən Ey Ulular Ulusu) çağırışı bütün diyarlarda səslənir. Və dünyada nə yeganə Dilbərin Cəlalından doğan iğtişaşdan başqa bir həyəcan, nə də Onun, misilsiz Məhbubun məhəbbətinin çoşqunluğundan doğan özgə bir təlatüm var.

 

Allahın sevimliləri hər bir məmləkətdə müşk ətirli nəfəslərilə parlaq çıraq kimi yanırlar və Mərhəmətlinin dostlarına, açılmış güllər kimi, bütün diyarlarda rast gəlmək olar. Onlar bir an belə dincəlmirlər; Sənin zikrin olmadan nəfəs belə çəkmirlər və Sənin əmrinə xidmətdən başqa bir arzuları yoxdur. Həqiqət çəmənzarında onlar şirin-şirin ötən bülbül və hidayət gülşənində al-əlvan çiçəkdirlər. Onlar Həqiqət Bağının cığırlarını məna çiçəklərilə bəzəyirlər; yellənən sərv ağacları kimi İlahi İradə çayının kənarına durublər. Parlaq ulduzlar kimi xilqət üfüqündən şölə saçırlar; işıqlı səyyarələr tək bu dünyanın səmasında işıq verirlər. Onlar İlahi fəzl məzhərləri və İlahi yardım işığının məşriqidirlər.

 

Ey Mehriban Allah! İnayət eylə, qoy onların hamısı möhkəm və səbatlı olsunlar, daimi parlaqlıqla elə işıq saçsınlar ki, hər nəfəs çəkərkən xəfif nəsimlər əssin Sənin inayət çardağından, şeh düşsün Sənin fəzl dəryandan, Sənin məhəbbətinin bol yağmurları təravət bəxş etsin və həzin meh öz ətrini İlahi birlik Gülşənindən əsdirsin.

 

Ey Aləmin Məqsudu, Öz şəfəqindən bir şüa sal. Ey bəşərin Sevgilisi, bizim üzərimizə Üzünün nurunu saç.

 

Ey Qadir Allah! Bizə sipər ol və pənahımız ol, Ey varlığın Rəbbi, qüdrət və hökmranlığını zahir eylə.

 

Ey Mehriban Allah, nifaq təhrikçiləri bəzi diyarlarda meydan sulayır, gecə və gündüz ağır ziyanlar vururlar.

Zalımlar canavar kimi, pusquda durublar, məzlum və məsum qoyunların isə nə köməyi var, nə də himayəsi. Köpəklər, İlahi birlik düzünün ceyranını qovurlar, quzğunlar isə İlahi hidayət dağının kəkliklərini təqib edirlər.

Sən Ey İlahi Təqdir Sahibi, bizi saxla və hifz eylə! Sən Ey bizim Qalxanımız, bizi qoru və bizi müdafiə eylə! Öz pənahında saxla və Öz köməyinlə bizi bütün xəstəliklərdən qoru. Doğrudan da, Sənsən Həqiqi Mühafiz, Görünməz Himayəçi, Səmavi Xilaskar və Göylərin Mehriban Rəbbi.

-Əbdül-Bəha Abbas

Hifz Duaları

Hifz Duaları

11. Sən Ey İlahi Təqdir Sahibi, bizi saxla və hifz eylə!

bottom of page