Alqış Sənə, Ey Rəbbim, mənim Allahım! Yalvarıram Sənə, məni və Sənin Əmrinə kömək edənləri bağışla. Həqiqətən, Sən hökmran Allahsan, Bağışlayan və Ən Səxavətlisən. Ey mənim Allahım! Bixəbər qalmış bəndələrini Öz Əmrinə daxil olmağa qabil eylə; çünki onlar Sənin haqqında bilən kimi, Qiyamət Gününün doğruluğuna şəhadət verər və Sənin fəzlinin təzahürləri ilə mübahisə etməzlər. Onlara Sənin fəzlinin nişanələrini nazil eylə və Sənin bəndələrin arasında ən möminlərinə müəyyən etdiyindən onlara, harada yaşasalar da, bol pay əta eylə. Sən, həqiqətən, Ali Hökmran, Ən Kəramətli və Ən Comərdsən.
Ey mənim Allahım! Qoy Sənin yanından nemətlərin və xeyr-bərəkətin, Sənin mərhəmətinin bir nişanəsi və inayətinin bir əlaməti kimi, sakinləri Sənin Əmrini qəbul etmiş evlərin üzərinə yağsın. Həqiqətən, bağışlamaqda Səndən ucası yoxdur. Sənin mərhəmətin bir kimsədən kəsilsə, Sənin Günündə o Sənin Dininin ardıcılları arasında necə sayıla bilər?
Mənə, Ey mənim Allahım, təyin olunmuş Gündə Sənin əlamətlərinə iman gətirəcək kəslərə və ürəklərində mənim məhəbbətimi bəsləyənlərə xeyir-dua ver – o məhəbbət ki, Sən onların ürəyinə salmısan. Həqiqətən, Sənsən adil Sultan və Ən Uca.
-Bab
Ailələr
Ailələr