Təriflər olsun Sənə, Ya Rəbb mənim Allahım! And verirəm Sənin o adına ki, Onu heç kəs layiqincə tanıya bilməyib, mahiyyətini heç kim dərk edə bilməyib; Səni and verirəm, Vəhyinin Çeşməsi və əlamətlərinin Günəşi olan Kəsə - mənim ürəyimi Sənin məhəbbətinin və Sənin zikrinin xəzinəsi eylə. Sonra onu Sənin ən böyük Dəryana qovuşdur, ta ki, ondan Sənin hikmətinin dirilik suları və Sənin tərifinin və alqışının saf fəvvarələri çağlasın.
Mənim bədənimin əzaları Sənin birliyinə şəhadət verir və başımın tükləri Sənin hökmranlıq və əzəmətinin gücünü bəyan edir. Sənin fəzl qapında mən müti və tam itaətkarlıqla durmuşam və Sənin kəramətinin ətəyindən yapışmışam, baxışlarımı Sənin bəxşişlərinin üfüqünə dikmişəm.
Ey mənim Allahım, əzəmətinin böyüklüyünə yaraşan şeyləri mənə qismət eylə, gücləndirici fəzlinlə mənə kömək et, Sənin Əmrini elə təşviq edim ki, ölülər qəbirdən qalxsın və Sənə tərəf yürüsünlər, tamamilə Sənə təvəkkül etsinlər və nəzərlərini Sənin Əmrinin üfüqünə və Vəhyinin məşriqinə diksinlər.
Sən, həqiqətən, Qüdrət Sahibi, Ən Uca, Hər Şeyi Bilən və Ən Hikmətlisən.
-Bəhaullah
İlahi Təyid Duaları
4. ürəyimi Sənin zikrinin xəzinəsi eylə
İlahi Təyid Duaları